29 Noyabr 2021
12:53
21225

BAKIDA İNANILMAZ OLAY: "Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər" - TƏFƏRRÜAT

Bakıda quldurluqda ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İslahat.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bu il aprelin 26-da Nizami rayon ərazisində yerləşən çoxmərtəbəli binaların birində qeydə alınan hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, zərərçəkən qadının tanışı qrup üzvlərindən birinin sevgilisidir. O, sevgilisin tanışının evdə tək olduğu vaxtı bilərək dostları ilə evə basqın edilməsi və xeyli miqdarda pul-qızıl ələ keçirməyin planını qurub.

Belə ki, 4 nəfər "Changan" amrkalı avtomobillə həmin ünvana gediblər. gedərkən onlar avtomobilin nömrəsindəki hərflərdən birini dəyişərək, texniki vasitələr tərəfindən həmin maşının qeydiyyata alınmasına mane olmağa çalışıblar. Həmçinin qrup üzvü Dilbər Hacıyevaya hicab geyimi alaraq ondan istifadə ediblər. belə ki, onlar 12-ci mərtəbədəki mənzilə yaxınlaşdıqda hicabda olan Dilbər guya qonşuluqda yaşadığını, Ramazan payı gətirdiyini deyərək S.S-dan qapını açmasını xahiş edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olub. Həmin şəxslər zərərçəkənin üzünə yumruqla zərbə endirərək əllərində olan bıçaqla hədələyiblər. Ev sahibindən pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Qadının şikayəti üzrə hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Kənan Müzəffərli və Dilbər Hacıyevanı saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı "P" hərfini xüsusi vasitələrlə "R" ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Təqsirləndirilən şəxslərin ifadələrindən və binanın kamera görüntülərindən məlum olub ki, onlarla birlikdə daha iki nəfər şəxsin bu cinayətdə əli var. Onlardan Kamran Abdulov axtarış zamanı tutulub. Cinayət işinin materiallarından görünür ki, bu işin əsas təşkilatçısı Seymur adlı şəxsdir.

Onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəfələrlə məhkumluq həyatı yaşayan Firudin İsmayılovdur.

Firudin İsmayılov Bakıda kriminal aləmdə "Seymur Naxçıvanski" ləqəbli avtoritet kimi tanınıb. Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. O, daha sonra Azərbaycan vasitəsilə Rusiyaya keçmək istəyərkən yaxalanıb.

Məhkəmə prosesində ifadə verən zərərçəkən qadın deyib: "26 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində evdə tək olduğu zaman mənzilin giriş qapısının zənginin çalındığını eşidib qapıya yaxınlaşdım. Gözlükdən baxdıqda qapının arxasında bir nəfər çarşablı qadının dayandığını gördü. Ondan kim olduğunu soruşduqda qonşu olduğunu, Ramazan hədiyyəsi gətirdiyini bildirdi. Qapını açan kimi 2 nəfər cavan oğlan mənzilə soxuldular. Oğlanlardan biri mənzilə daxil olan kimi məni yumruqla burun nahiyəmdən vurdu. Məni yerə yıxdıqdan sonra ağzımı əlləri ilə tutaraq yataq otağına apardılar. Yataq otağında olarkən həmin 2 oğlan bıçaqla məni hədələyərək azyaşlı qızımın əllərində oduğunu, həyat yoldaşının Naxçıvanda olduğunu bildiklərini, mənzildə olan qızılların və pulların yerini deməyimi tələb etdilər. Bu zaman mənzilin qapısı döyüldü və onlardan biri qapıya tərəf gedib qapının qarşısında bir qadın və bir kişi olduğunu dedi. Mən həmin şəxslərin bu evin adamları olduğunu dedim. Oğlanlardan biri mobil telefonumu götürərək mənim adımdan evə gələn qardaşıma guya həkimdə olduğumu yazdı. Bundan sonra oğlanlardan biri bıçağı boğazıma dayayaraq qardaşıma zəng edib aşağı düşmələrini deməyini tələb etdi. Qorxduğum üçün məcbur qalıb qardaşıma zəng edərək aşağı düşmələrini dedim. Mənzilə basqın edən oğlanlardan biri əşyaları dağıdaraq axtarmağa başladı. Bir müddətdən sonra onlar mənzildən aşkar etdikləri qızıl-zinət əşyalarını götürüb giriş qapısına yaxınlaşaraq gözlükdən baxıb qapının qarşısında heç kimin olmadığına əmin olduqdan sonra mənzili tərk etdilər. Bundan sonra qardaşım və anam evə gəldikdə baş vermiş hadisə barədə onlara danışdım və polisə məlumat verdik. Evdə tək olmağımı yalnız Nuranə Seyidova bilib".

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilib.

İslahat.az