02 Dekabr 2018
11:00
2625

Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçirilir — FOTOLAR

Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi keçirilir.

İslahat.az trend-ə istinadən məlumat verir ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.

Budəfəki – 82-ci Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək.

Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.
FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunacaq. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılacaq.

Qeyd edək ki, Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.