01 İyun 2018
17:06
787

Bakıda birinci “Beynəlxalq Tək Sağlamlıq Konfransı” keçirilir

İyunun 1-də Bakıda Xəzər Universitetinin təşkilatçılığı ilə birinci "Beynəlxalq Tək Sağlamlıq Konfransı” öz işinə başlayıb. Beynəlxalq tədbir "Tək sağlamlıq: Problemlər və onun həlli” mövzusuna həsr olunub.

İslahat.az xəbər verir ki, tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı mövzunun aktuallığını vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin Harvard Universitetinin Planetar Sağlamlıq Alyansı konsorsiumunun tərkibinə daxil edildiyini bildirib. Bu Alyans məşhur Rokfeller Fondu tərəfindən maliyyələşdirilən və dünyada 95-dən çox universitet, dövlət təşkilatları və tədqiqat institutları daxil olan bir konsorsiumdur. Planetar Sağlamlıq Alyansının eyni vaxtda İngiltərənin Edinburq Universitetində ikinci konfransının keçirildiyini deyən H.İsaxanlı qeyd edib ki, Azərbaycanda ilk dəfə təşkil olunan bu tədbir Alyans tərəfindən tərəfdaş konfrans kimi elan edilib.

Tədbirin əsas mövzularını ictimai sağlamlıq, ekosistem (insan, heyvan, bitki, qida və ətraf mühit sağlamlığı) və "Tək sağlamlıq” tədbirləri təşkil edir.

İyunun 2-dək davam edəcək konfransda insan, heyvan və bitki daxil olmaqla, ən yaxşı səviyyədə sağlam qida və ətraf mühitə nail olmaq üçün yeni "Tək sağlamlıq” tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda "Tək sağlamlıq” potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

Məhərrəm Yaqubov | islahat.az