10 Noyabr 2021
16:42
21093

Azərbaycanlı professor Tacikistanda ilkə imza atdı

Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri, professor Qurbanxan Müslümov Tacikistanda səfərdədir.

İslahat.az xəbər verir ki, azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış edib, Tacikistanda ilk dəfə olaraq toplantı zalına translyasiya edilməklə mürəkkəb əməliyyatlar icra etməklə 2 günlük ustad dərsləri verib, laparoskopik cərrahiyyə üzrə treyninqlər keçirib. Ustad dərsləri paralel onlayn olaraq bütün regionda translyasiya edilib. Tədbir çərçivəsində yoğun bağırsaq, mədə və qaraciyər patologiyaları olan xəstələr üzərində mürəkkəb laparoskopik əməliyyatlar Tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilib. Bu tacikistanlı mütəxəssislər tərəfindən hələ sovet Tacikistanında tibbin və xüsusən də cərrahiyyənin inkişafında azərbaycanlı cərrahların əvəzedilməz rol oynaması ənənəsinin davamı kimi qiymətləndirilib.

Professor Q.Müslümov Tacikistan Tibb Universiteti, Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun professor və müəllim heyəti üçün də cərrahiyyə üzrə tibb təhsili və ixtisaslaşma problemləri barədə məruzə oxuyub və iştirakçıları dünya təcrübəsi ilə tanış edib. Sevindirici haldır ki, azərbaycanlı professor Tacikistan Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilib və gələcəkdə Tacikistan Tibb Universiteti və Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun fəxri professoru seçilməsi barədə danişiqlar aparılaraq onun razılığı alınıb.

Səfər zamanı Tacikistan Respublikasının səhiyyə və sosial müdafiə naziri Cəlaləddin Abdullozado professor Qurbanxan Müslümovla görüşüb və gələcəkdə tacikistanlı cərrahların Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin xüsusi felloşip kurslarından yararlanması, laparoskopik və açıq cərrahiyyə üzrə ixtisaslaşma və treyninq kuslarında iştirak etməsi perspektivləri barədə müzakirələr aparılıb. Tacik həkimlərin Azərbaycanda keçiriləcək kurs və treyninqlərdə iştirakı ilə yanaşı Tacikistan Respublikasında da azərbaycanlı mütəxəssislərin iştirakı ilə endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi ustad dərslərinin və treyninqlərin təşkil edilməsi barədə də müzakirələr aparılıb.

Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də nəzərə çarpan inkişaf Azərbaycanın artıq region ölkələrində tibbin inkişafı üçün nümunə rolu oynaması, tibb kadrlarının ixtisaslaşma və öyrənmə mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Region ölkələrindən tibb kadrlarının öyrənmək və ixtisaslaşmaq məqsədilə məhz Azərbaycanı seçmələri hər kəs üçün qürurvericidir.

Xatırladaq ki, sentyabrın 29-dan oktyabr 14-nə kimi Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə bu ölkənin Baş Cərrahının rəhbərliyi altında bir qrup cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşdu. Kurs iştirakçıları öz vətənlərinə geri döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq etmiş və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş etmişdilər.

Onu xüsusi vurğulamaq lazımdır ki, tədbirin əsas günü noyabrın 8-də keçirildiyi üçün professor Q.Müslümov 100-lərlə həkimin izlədiyi tədbirin canlı yayımında Azərbaycanın Zəfər Günü və Şuşanın azad edilməsi günü münasibətilə həmkarlarını təbrik edib və 44 günlük müharibə barədə məlumat verib.

İslahat.az