24 Yanvar 2022
15:38
20969

Azərbaycanın müdafiə naziri Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşdü - FOTO

Yanvarın 24-ü Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Finlandiya Xarici İşlər Nazirliyi Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livalanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Finlandiya hərbi əməkdaşlığının NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uğurla həyata keçirildiyini bildirib.

Qonaq M.Livala Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər ölkələrimiz arasındakı münasibətlər, regionda sülhün və sabitliyin gücləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

İslahat.az