20 Yanvar 2021
11:52
16740

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 20 Yanvar faciəsinə ingilis dilində qısa film həsr etdi - VİDEO

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş Konsulluğu xəbər verir ki, filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur.

Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

 

Filmdə SSRİ rəhbəri Mixail Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.

Həmin zaman ümummilli lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılaraq, onun Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur. 

Filmdə bu gün, Qara Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.