04 Yanvar 2019
09:34
1737

Azərbaycanda hansı sahələrdə yeni ixtisaslar yaranmalıdır?

Son zamanlar universitetlərdə yeni ixtisasların yaranacağı barədə ard-arda xəbərlər yayılır. Bu ixtisasların yaranması tələbələrin biliklərinin bacarıqlara yönəldilməsi məqsədi ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, tələbələrin təcrübi bilikləri hələ də arzuolunan səviyyədə deyil.

Bəs hansı sahədə yeni ixtisaslara ehtiyac var?

İslahat.az Oxu.Az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Oxu.Az-a bildirib ki, aqrar sahə inkişaf etdikcə, dünyada bu sahə üzrə yeni ixtisaslar yaranır:

"Tələbat olacağı təqdirdə, həmin ixtisaslar üzrə kadrların hazırlanması həyata keçirilir. Hazırda aqrar sahədə kadr hazırlığı, əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində aparılır. ADAU-da torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisasları üzrə kadrlar yetişdirilir. Bunlar hazırda kənd təsərrüfatında ən çox tələb olunan ixtisaslardır”.
 

"Dövlət bu sahədə kadrların yetişməsində maraqlıdır. Ötən ildən başlayaraq prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında 500-dən çox bal toplamış, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd verilir. Bu addım aqrar sahədə peşəkar kadr hazırlığını stimullaşdıracaq”, -deyə nazirlik rəsmisi qeyd edib. 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2018-ci ildə yeni ixtisaslar yaradılıb:

"Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və  fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi kimi yeni ixtisaslar yaradılıb. 

Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır”.

Ekspert qeyd edib ki, elm və təhsilin belə sürətlə  inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır:

"Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni beş il oxumaq  25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı dörd-beş dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq.

Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, dörd təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə sürücüyə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacağıq, maşın özü bizi aparacaq”.
 

Kamran Əsədovun sözlərinə görə, fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya, Biofizika fakültəsi ola bilər:

"Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta iqtisadi-fizika adlı yeni sahə yaranıb. Fizika hara, iqtisadiyyat hara, amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orada əhalini qorxudan şey yoxdur.

Bir insan ömründə beş dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək. Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə, o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi”.

"Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox?  Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq.

Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız-hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitabı oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın”, - deyə ekspert qeyd edib. 

Professor Adil Qeybulla yeni ixtisasların yaranmasının tərəfdarıdır:

"Xaricdə tibb üzrə tədris sistemində müəyyən dəyişikliklər, innovasiya var. Tələbələrin təcrübə sahəsində yanaşmalar fərqlidir. Biz də bu işləri görməliyik. Maddi-texniki baza baxımından problemlər var. İlk növbədə bunlar həll edilməli və səhiyyə strukturu qərb səhiyyəsinə uyğun qurulmalıdır. Tədris də ona uyğunlaşdırılmalıdır”.
 

Adil Qeybulla qeyd edib ki, problemlər həll edilərsə, Tibb Universitetini bitirən tələbə işləmək üçün seçim edə bilər:

"Azərbaycanda xəstələnmə, ölüm halları, genetik xəstəliklər xarakterikdir. Bu istiqamətdə mütəxəssis mütləq olmalıdır. Elə bir səhiyyə olmalıdır ki, bölgələrdə həkim olsun. Xəstənin bir əməliyyatdan ötrü Bakıya gəlməsinə ehtiyac qalmasın”
 
 
İslahat.az