18 Yanvar 2022
16:15
20468

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub - Anar Məmmədov

"Şərqi Avropanın böyük dövlətlərindən olan Ukrayna ilə Azərbaycan arasında sıx və strateji səviyyəyə yüksələn əlaqələr mövcuddur. Ümumiyyətlə, bu iki dövlət və onların xalqları arasında əlaqələrin zəngin tarixi var. Hələ XX əsrin əvvəllərində, 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynanın paytaxtı Kiyevdə nümayəndəliyi açılıb. 1919-cu ildə isə Ukrayna Respublikasının Bakıda diplomatik missiyası fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində isə bu iki respublika arasında möhkəm iqtisadi və mədəni əlaqələr mövcud idi. İkinci Dünya müharibəsi illərində Ukraynanın azadlığı uğrunda cəsarətlə vuruşan azərbaycanlılardan 20 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.”

İslahat.az xəbər verir ki, bu fikirləri "Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Ukrayna ilə əlaqələr Azərbaycan Respublikasının xarici siyasətində əhəmiyyətli yer tutur: "İkitərəfli əlaqələr siyasi, iqtisadi-ticarət, yanacaq-energetika, hərbi-texniki, nəqliyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə sıx əməkdaşlığı əhatə edir. Qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulması ulu öndərimiz Heydər Əliyevin 1997-ci ilin martında Ukraynaya rəsmi səfəri ilə birbaşa əlaqədardır. Həmin vaxtdan bu günə kimi ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. 2001-ci ildən ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənmiş və strateji səviyyəyə çatmışdır. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək səviyyə müşahidə edilir, deputatlarımız bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində əməkdaşlıq edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası, GUAM, MDB kimi təşkilat və forumlar çərçivəsində tərəfdaşlıq münasibətlərindən faydalanırlar.”

Deputat qeyd edib ki, ölkələrimiz arasındakı xoş münasibətləri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir: "Azərbaycan və Ukrayna prezidentlərinin son illərdəki qarşılıqlı səfərlərinin təkcə statistikasına nəzər yetirdikdə aydın görünür ki, bu münasibətlər ən isti və daim inkişafda olan xoş niyyətlərə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Ukraynaya rəsmi səfəri də bu iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir. İndiyədək Azərbaycan və Ukrayna prezidentləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Bu səfərlərin hər biri əlaqələrin inkişafına impuls verib, münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib, yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyub.”

Milli Məclisin deputatı Anar Məmmədov vurğulayıb ki, səfər çərçivəsində Ukrayna ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib: "Azərbaycan Respublikası Prezidenti və Ukrayna Prezidenti Birgə Bəyannamə imzalamışlar. Bundan başqa müxtəlif sahələr üzrə əməkdaşlıq sahəsində 5 mühüm sənəd imzalanmışdır. Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, Ukraynanın İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında "İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında "Aqrar sahədə əməkdaşlıq haqqında”, "Neft-qaz Ukrainı” Milli Səhmdar Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbycan Dövlət Neft Şirkəti-SOCAR arasında " Energetika sahəsində əməkdaşlıq haqqında” və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında "Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumları imzalanmışdır. Prezident İlham Əliyev də mətbuat üçün açıqlamasında bildirib ki, qobal pandemiyaya baxmayaraq, iki ölkənin ticarət dövriyyəsi keçən il 20 faizdən çox artıb və yaxın gələcəkdə bunun 1 milyard dollar səviyyəsinə çatması gözlənilir. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Yeni sənədlər həm də birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı sahələrində birgə fəaliyyət üçün zəmin yaradıb. Beləliklə, cənab Prezident İlham Əliyevin səfəri çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Səfər çərçivəsində imzalanmış sənədlər də əsas diqqəti böyük potensialın olduğu sahələrə yönəldib. Səfərin nəticələri olduqca əhəmiyyətlidir və əməkdaşlığın daha da genişləndirilməsinə və dərinləşdirilməsinə xidmət edir. Bütün bunlar bir daha ikitərəfli əlaqələrin ayrı-ayrı sahələr üzrə genişlənməsini, o cümlədən iki ölkənin regionları arasında münasibətlərin inkişafını təmin edəcək.”

İslahat.az