29 Mart 2022
16:00
20311

Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə etdilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Beerbok ilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı, cari ildə iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunmasına istinad edilib, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə dair məlumat verib, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb. Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

İslahat.az