16 Dekabr 2019
11:36
670

“Azərbaycan” gəmi-bərəsi istifadəyə veriləcək

2020-ci ilin may ayında "Azərbaycan” adlı Ro-Pax tipli gəmi-bərə istifadəyə veriləcək. 

İslahat.az xəbər verir ki, bu sözləri "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. 

O bildirib ki, sözügedən gəmi-bərə ilə həm vaqon, yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:

"İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan Ro-Pax tipli  "Azərbaycan” bərə-gəmisinin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. 

Unikal Ro-Pax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb”.

Bildirilib ki, geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

Qeyd edək ki, "Azərbaycan” RoPax tipli bərə gəmisi, eləcə də, hazırda inşası davam edən daha bir ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.

İslahat.az