14 Dekabr 2020
12:38
5473

Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı, şəhidlərimizi yad etdi - VİDEO

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev UFC-də dördüncü döyüşünə çıxıb.

O, bu dəfə ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-nin əsas yarışında döyüşüb. Fiziyevin UFC-256 turnirinin yüngül çəkili döyüşündəki rəqibi braziliyalı Renato Moykano olub.

Rafael 1-ci raundda (4:05) rəqibini sol yumruğu ilə nokauta göndərib. Baş hakim döyüşü saxlayaraq, qələbəni Fiziyevə verib. O, UFC tərəfindən amerikalı Kevin Holandla birgə gecənin ən maraqlı döyüş göstərən idmançısı seçilib.

 

Qazaxıstan doğumlu, Qırğızıstan vətəndaşı olan, lakin milliyyətcə azərbaycanlı olan, "Ataman" ləqəbli Rafael Fiziyev bununla da peşəkar MMA-da doqquzuncu qələbəsini (bir məğlubiyyəti var – S.M.) qazanıb. Bu onun UFC-də üçüncü qələbəsi olub.

Döyüşdən sonra Rafael Fiziyev Vətən Müharibəsindəki qələbə münasibətilə Azərbaycanı təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, yüngül çəkidə gecənin əsas döyüşlərindən biri amerikalı Toni Ferqyusonla braziliya Şarlis Oliveyra arasında keçirilib. Tanınmış Ferqyuson hakimlərin qərarı ilə məğlub elan edilib.

 


 

İslahat.az