18 Dekabr 2020
15:46
4541

Azərbaycan dünyanın “Ən islahatçı on ölkəsi” sırasında... - “Bu, dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir”

Məlum olduğu kimi, dünyada ən nüfuzlu mənbələrdən sayılan "Doing Business” Hesabatında Azərbaycanın qlobal reytinq sıralamasındakı mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəldilib.

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bununla bağlı "AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ölkəmizin sözügedən sıralamadakı bu irəliləyişi təsadüfi sayıla bilməz: "Bildiyiniz kimi, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business” Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020” Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

Xatırladım ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bildirilmişdi ki, bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi. Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində isə qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların ("elektrik təchizatı şəbəkələrinə qoşulma, "müqavilələrin icrası”, "sərhəddə ticarət” indikatorları üzrə) "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Qeyd edim ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.

Müvafiq düzəlişlərdən sonra "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. "Doing Business 2019” hesabatında da Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi”.

Millət vəkili xatırladır ki, Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib. ""Doing Business” Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın istər Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir”.

Deputat qeyd etdi ki, Azərbaycanın "Doing Business” Hesabatındakı reytinqi 3 göstərici üzrə yenilənib. "Bunlar Elektrik təchizatı şəbəkələrinə qoşulma, Müqavilələrin icrası və sərhəddə ticarət indikatorlarıdır. Birinci indikator vasitəsi ilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilib və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılıb. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapıb. Müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.

Bununla yanaşı, "Doing Business” hesabatı "Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılıb. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunub.

"Doing Business" hesabatı həmçinin, ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində ixraca və idxala sərf olunan müddətlə bağlı dəyişikliklər edilib. Belə məlum olub ki, bu prosedurlar əvvəl dərc edilən müddətdən xeyli qısadır və bu sahədə ciddi islahatlar aparılıb. Nəticədə bu indikator üzrə də real göstəricilər hesabata daxil edilərək, Azərbaycanın mövqeyində müsbət mənada ciddi dəyişiklik aparılıb. Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə "sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların həyata keçirilməsini bir daha təsdiq edib.”

Deputat sonda onu da vurğulayıb ki, Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcək.
 
İslahat.az