16 Yanvar 2019
12:08
2570

"Avtomobil yox, dostluq rol oynayır" – MÜSAHİBƏ | FOTOLAR

Mahmud Yusubov: "İnsan amilidir, bilmədən səhv edə bilər hər bir sürücü.” 

Toyota/Lexus avtomobil klubunun (Toyota/Lexus Club Azerbaijan) rəhbəri Mahmud Yusubovun İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik.

Müsahibimiz Mahmud Yusubov Milli Aviasiya Akademiyasının tələbəsidir. Həmçinin, Xəzər Rayon Gənclər Birliyinin sədr müavini vəzifəsində çalışır. 2017-ci ilin sonuna qədər ETSN nəznində Everest İdman Klubunun icra katibi vəzifəsində idarə heyətinin üzvü olub. "Salam Əsgər” və Şəhid, Milli Qəhrəman Çingiz Qurbanovun abidəsinin Şahdağda əbədiləşdirilməsi layihələrində təşkilatçı olaraq iştirak edib. Nişan almaq, at çapmaq və avtomobil idarə etmək həyat vərdişləridir.

"Toyota Lexus Club Azerbaijan" qrupu necə yaranıb?

İlk olaraq qeyd edim ki, xaricdə yaşayan bir yerlimiz tərəfindən sadəcə bir Facebook qrupu kimi "Toyota Club Azerbaijan" adı altında fəaliyyətə başlayıb. 2017-ci ildən qrupun inkişafı üçün aktivlik göstərmişəm. Daha sonra eyni adlı qrupun idarəçiliyi başqa şəxslər tərəfindən götürülüb. 2018-ci ildən klub kimi inkişaf etdirmək üçün fəaliyyətə başladım. Üzvlərlə münasibətim yaxşı olduğundan qısa zamanda yığıncaqlar və müxtəlif tədbirlər təşkil etməyə nail olduq. Bir müddət sonra üzvlərdən gələn istək üzərinə qrupun adı "Toyota/Lexus Club Azerbaijan” adlandırıldı. Toyota və Lexus markalarını özündə əks etdirən klub loqosu hazırladıq. Klub adının beynəlxalq dildə saxlanmasında məqsəd avtomobillər xaricdə olarkən orada da anlaşılan tərzdə nümayiş etdirmək idi.

"Toyota/Lexus Club Azerbaijan" qrupunu yaratmaqda məqsəd nədir?

Hazırda klubun məqsədi Toyota və Lexus sürücülərini bir dəyər altındabirləşdirmək, hər hansı problem yaşayan üzvlərə kömək etməkdir.

Sosial şəbəkədən kənarda qrup üzvləri ilə hansı fəaliyyətlər var?

Klubda onlarla üzv var ki, artıq onların bir araya gəlməsində avtomobil yox, dostluq rol oynayır. Tez-tez çay görüşləri olur. Asudə vaxtımızı səmərəli keçirtmək istəyirik. Müxtəlif fəaliyyətlər təşkil edirik. Bəzən nişanalma qabiliyyətimizi sınayırıq. Avtomobillər haqda müzakirələr aparırıq. Yığışıb rayonlara gedirik və bu ənənəni kütləviləşdirmək fikrindəyik.

Digər avtomobil qrupları ilə əməkdaşlıq mövcuddurmu? Hansı formada əməkdaşlıq edirsiniz?

Bütün klublarla münasibətimiz yaxşı səviyyədədir. Hətta çalışırıq birgə işlər də görək. Sürücülərin maariflənməsində, yol mədəniyyətində olan boşluqların doldurulmasında bacardığımızı edirik.

Klubun üzvləri sizin qrupdan necə yararlanırlar?

Sürücülərin ehtiyacı olacaq kifayət qədər xidmət yerləri və satış mağazaları ilə əməkdaşlıq edirik. Sərfəli və keyfiyyətli xidmət göstərən avatomobil ustaları da bizim qrupun üzvləridir. Üzvlük kartımızı əldə edən şəxslər endirimli xidmətlərdən istifadə edə bilirlər.

Klubun inkişafı istiqamətində hansı addımlar atılır?

Klubun inkişafı üçün daim ən optimal xidmət nöqtələrini seçməyə çalışırıq ki, üzvlər narazı qalmasın. İnkişafı tək görüşməkdə, çay içməkdə görmürük. Sosial lahiyələrdə bacardığımız qədər iştirak edirik. Əlamətdar günlərdə yürüşlər də təşkil olunur.

Gələcəkdə hansı fəaliyyətləri planlaşdırırsınız?

Gələcəkdə daha böyük tədbirlər, lahiyələr planlaşdırılır. Klub üzvlərinin təklifləri, apardığımız müzakirələr nəticəsində fəaliyyətimizi genişləndirməyi düşünürük.

Avtomobil idarə edənlərə və gələcəkdə idarə etmək istəyənlərə hansı mesajınız var?

Avtomobil idarə edənlərə, digər iştirakçılara qarşı hörmətlə yanaşmağı, yaranan mənfi situasiyalarda mümkün qədər səbrli olmağı tövsiyə edirəm. İnsan amilidir, bilmədən səhv edə bilər hər bir sürücü.

Gələcəkdə sürücülük hüququ əldə etmək istəyənlərə isə mesajım ondan ibarət olacaq ki, ilk növbədə nəzəri bilikləri, daha sonra praktiki bilikləri mümkün qədər gücləndirsinlər. Daha sonra vəsiqə almaq və sıx nəqliyyatda sürmək barədə düşünsünlər.

İslahat.az