03 Aprel 2019
14:55
854

Avropa Komissiyası Azərbaycana 33 milyon avro ayırdı

Avropa Komissiyası Azərbaycanın "Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria (IGB) inşasına 33 milyon avronun ayrılmasını təsdiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilir ki, həmin vəsait Şimal-Şərqi Yunanıstanın Komotini və Bolqarıstanın cənubundakı Stara Zagora bölgələri arasındakı 182 kilometrlik boru qaz kəmərinin tikintisinə sərf olunacaq.

Qeyd edək ki, 145 milyon avro dəyəri olan IGB qaz kəmərinin çəkilməsi ilə bağlı tenderə 5 şirkət daxil olub. Tenderə müraciətləri təqdim etmək haqqını iki bolqar tikinti şirkəti, İtaliyanın "Bonatti” şirkəti, Almaniyanın "Max Streicher” və Yunanıstanın "Terna” şirkətlərinin birgə müəssisəsi, habelə Fransanın "Spiecapag”, "Vinci” və "Bulgarian Trace” şirkətlərin konsorsiumu qazanıb. İnterkonnektorun tikintisinə cari ildə başlanması və işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, 2013-cü ilin sentyabrında "Bulgargaz EAD” "Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı "Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır.

Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

IGB qaz boru kəmərinin Komoti və Stara Zagorada çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq.

Boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.
 
İslahat.az