14 Fevral 2019
16:40
1246

Argentinalı hücumçu Azərbaycan klubunda

"Səbail” PFK daha bir legioner futbolçu ilə anlaşıb. 

İslahat.az xəbər verir ki, Bakı klubunun heyətinə cəlb olunan argentinalı İmanol İriberi ilə mayın 31-dək müqavilə imzalanıb.

31 yaşlı hücumçu 2006-2009-cu illərdə ölkəsinin "Aldosivi” və "Alvarado” klublarında oynadıqdan sonra legioner həyatı yaşamağa başlayıb. O, 2010-2012-ci illərdə Paraqvayın "İndependyente”, 2012-2013-cü ildə "Sportivo”, 2013-cü ildə Kolumbiyanın "Deportes Tolima”, 2013-2014-cü ildə Venesuelanın "Estudiantes”, 2014-2015-ci ildə "Deportivo” (La Quaira), 2015-2016-cı ildə Boliviyanın "Xorxe Vilsterman” klublarında legioner həyatı yaşadıqdan sonra Avropadan təklif alıb. 

Lakin 2016-cı ildə Portuqaliyanın "Boavişta” klubundakı karyerası cəmi altı ay çəkib.

Argentinaya qayıdan İmanol İriberi 2016-2017-ci ildə "Krusero del Norte”də oynayıb. 2017-ci ildə Venesuelanın "Mineros”, 2017-2018-ci ildə Perunun "Sport Boys” klublarında çıxış edən İriberi ötən il La Quaira "Deportivo”suna qayıdıb. O bu komandada 14 oyuna üç qol vurub. İriberinin ciddi uğuru 2015-ci ildə Venesuela Kubokunu qazanmasıdır.

İslahat.az