29 Dekabr 2021
13:08
20408

Anar Məmmədov: Hadrutda Komando Briqadasının açılması Ermənistana və onun havadarlarına subliminal mesaj idi

"Doğma torpaqlarımızın azad olunması xalqımızın şərəfli tarixidir və Vətən müharibəsi zamanı, ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri tarixi əhəmiyyət kəsb edir. Dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev ilə birgə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri, orada yaradılan Komando Briqadasının açılışında iştirakı xalqımıza yeni müjdələr verir. Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır.”

İslahat.az xəbər verir ki, bu fikirləri "Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, ölkə başçısının 24 dekabr 2021-ci il tarixindəHadrut səfəri və Hadrutda hərbi hissənin fəaliyyətə başlaması xüsusi olaraq əhəmiyyət daşıyan vacib bir məsələ idi: "Çünki Hadrut keçmiş Dağlıq Qarabağın ərazisinə daxil olan vacib, strateji bölgədir və əgər Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Burada Azərbaycan Silahlı Birləşmələrinin, o cümlədən yeni yaradılan qapıların açılmasını və gələcəyinə böyük ümidlər bəslənilən, qarşılarına ciddi tapşırıqlar qoyulan Komanda Briqadalarının fəaliyyət göstərməsi olduqca əhəmiyyətli və daxilində böyük mesajlar ehtiva edən vacib bir addım olaraq qiymətləndirilə bilər. Belə ki işğalçı və təcavüzkar Ermənistanın və onun ordusunun Qarabağdan qovulmasında Hadrut əməliyyatının rolu çox böyükdür. Hər iki ərazinin strateji və coğrafi baxımdan çox mühüm əhəmiyyət kəsb etməsi Vətən müharibəsinin dönüş nöqtəsi olaraq düşməni diz çökməyə məcbur etdi.”

Deputat bildirib ki, Hadrut səfəri zamanı hərbçilər qarşısında çıxış edən cənab İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söz açaraq bildirdi ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir:

"Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. Həqiqətən də biz ötən dövrə nəzər salsaq görərik ki, ölkə ərazisinin demək olar ki, hər bölgəsində yeni, müasir standartlara uyğun hərbi hissələr, hərbi şəhərciklərin salınır, hərbçilərimizin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli, 44 günlük Vətən müharibəsində ordumuzun birmənalı şəkildə üstünlüyünə və əldə edilən qələbəyə rəğmən ordu quruculuğuna ayrılan vəsait artırılır. Bu isə birbaşa Azərbaycanın hərbi potensialının gücündən xəbər verir. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradır.Xüsusilə vurğulamaq lazımdır ki, orduda qüsursuz xidmətləri ilə fərqlənən hərbçilər dövlət tərəfindən mənzillərlə təmin olunur ki, bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən evlə təmin edilib. 2021-ci ilin sonuna qədər isə daha 130 hərbçi ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Əlbətdə sadalanan bu faktlar Prezident İlham Əliyevin orduya olan yüksək diqqət və qayğısının nəticəsidir.”

A.Məmmədov vurğulayıb ki, Qalib Komandan hər zamankı kimi bir daha işğalçı Ermənistana mesajlar ünvanladı və bu dəfə sərt xəbərdarlıq etdi: "Bir daha müharibənin gedişatını xatırladaraq bildirdi ki, 44 gün ərzində heç bir qüvvə Azərbaycana təsir edə bilmədi, qarşıya qoyulan məqsədlərə nail olundu. Ən başlıcası isə Hadrutda Komando Briqadasının açılması Ermənistana xəbərdarlıq olmaqla yanaşı, onun havadarlarına da subliminal mesaj idi ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxıb və bundan sonra Qarabağı cənnətməkana çevirib əsrlərboyu əbədi olaraq burada yaşayacaq.”

İslahat.az