Goranboy rayonu Goranlı kəndində Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə şəhid ailələri ilə görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.
İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, Goranlı kənd şəhidi İftixar Əliyevin evində keçirilən görüşdə çıxış edən Anar Məmmədov Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, qazilərin sosial müdafiəsinin ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırmışdır.
Onun sözlərinə
görə, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını
qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin
yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır.
Şəhidlərin ailə üzvləri də çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə
başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya
öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və
təkliflərini səsləndirmişlər.
Onu da qeyd edək ki, şəhid İftixar Əliyevin atası İlqar Əliyevin Birinci
Qarabağ müharibəsinin qazisi, qardaşı isə İkinci Qarabağ müharibəsinin
qazisidir.
İslahat.az