22 May 2018
17:55
1951

“AMV Consulting” şirkəti UNEC tələbələrinin təcrübə proqramını tamamlayıb

"AMV Consulting” şirkəti  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup 4-cü kurs tələbələrinin bakalavrın ixtisas təcrübəsini  tamamlayıb.

İslahat.az xəbər verir ki, təcrübə proqramı çərçivəsində tələbələr "AMV Consulting” şirkətində müxtəlif istiqamətlərdə bilik və bacarıqlara yiyələniblər. Qeyd edək ki, "AMV Consulting” şirkəti  Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edir. Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbələri hər il "AMV Consulting” şirkətində bakalavrın ixtisas təcrübəsini keçəcək.
Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri təcrübə keçən tələbələrin sonuncu günündə "AMV Consulting” şirkətinin əsas ofisini ziyarət ediblər. Tələbələrin təcrübə proqramının qiymətləndirilməsi və yekun olaraq ali məktəbə təqdim olunması üçün "AMV Consulting” şirkətinin fəaliyyət istiqamətləri ilə də tanış olublar.

Şirkətin əməkdaşları tələbələrə öz təcrübələrini təqdim edərək müxtəlif istiqamətlərdə uğur qazanmağın yollarını qeyd ediblər. Həmçinin, bilik və təcrübənin vacibliyini vurğulayıblar. "Azərbaycanda iqtisadiyyat və biznes sahəsində yeni mütəxəssislərin hazırlanması vacib amildir. İnkişaf edən dünyada rəqabətədavamlı və öz təcrübələrini doğru istiqamətləndirən gənc nəslə ehtiyac var. Özəl şirkətlərin bu istiqamətdə rolu böyükdür. Biz də "AMV Consulting” şirkəti olaraq, cəmiyyətə və dövlətə peşəkar mütəxəssislər təqdim etməyi könüllü olaraq iş prinsipimiz hesab edirik.” – "AMV Consulting” şirkətinin direktoru Elşən Nəcəfov çıxışında qeyd edib.

Daha sonra, AMV Şirkətlər Qrupunun təsisçisi Orxan Şükürov təcrübə proqramını uğurla başa vurmuş tələbələrə gələcək iş həyatlarında uğurlar arzulayıb: "Gələcək iş həyatı üçün qazandığınız bilikləri sərfəli istifadə etmək və dövlətimiz üçün nümunəvi mütəxəssis olmağınız bizim işimizin nəticəsi olacaq. AMV Şirkətlər Qrupunun qapıları peşəkar olmaq istəyən gənclər üçün hər zaman açıqdır. Gələcəkdəki iş həyatınız üçün biz öz dəstəyimizi verməyə hazırıq. Bütün tələbələrə iş həyatlarında uğurlar arzulayıram.”