03 Aprel 2021
12:12
10617

AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

Aprelin 2-də AMEA İqtisadiyyat İnstitutunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq, müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir.

İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına i.e.d., prof. Gülşən Yüzbaşıyeva,  i.e.d. Fuad Qənbərov, i.f.d., dos. Allahyar Muradov, i.f.d.,dos. Leyli Allahverdiyeva  və dos. Gülsurə Mehdiyeva daxildirlər.

 AMEA İqtisadiyyat İnstitutunun "Təhsil şöbəsi”nin müdiri, dos. Gülsurə Mehdiyeva economics.com.az saytına bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan  imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 13 nəfər iştirak edib. İmtahandan sonra nəticələr açıqlanıb, bütün iştirakçılar imtahanı müvəffəqiyyətlə verərək müsabiqəyə buraxılıblar. 2020-2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 9 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları açıqlanacaq. 

İslahat.az