03 Noyabr 2021
15:45
20383

Almaniyada “Zəfərə gedən 44 gün” adlı tədbir keçiriləcək - FOTO

Noyabr ayının 7-i Almaniya Azərbaycanlıları Alyansı Berlin şəhərində ilk dəfə Zəfər Gününə həsr olunacaq "Zəfərə gedən 44 gün” adlı tədbir keçirəcək.

İslahat.az xəbər verir ki, bu barədə Oxu.Az-a Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bildirib. 

O bildirib ki, tədbir ümumilikdə iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində, yəni günün birinci yarısında Berlinin Brandenburq qapılarının önündə möhtəşəm Zəfərimizə həsr edilən və eləcə də Azərbaycan həqiqətlərini, mədəniyyətini özündə əks etdirən açıq hava sərgisi baş tutacaq. Sərgini müşaiyət edəcək Azərbaycan milli musiqiləri Almaniyada yaşayan peşəkar musiqiçilərimiz tərəfindən ifa ediləcək. Sərgidə nümayiş etdiriləcək Azərbaycan həqiqətləri gənc vətənpərvər həmyerlilərimiz, eləcə də Almaniya Azərbaycanlıları Alyansının aktiv üzvləri tərəfindən beş fərqli dildə sərgidə qonaq qismində iştirak edəcək şəxslərə çatdırılacaq.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini qeyd edib ki, böyük mənəvi dəyər daşıyan "Zəfərə gedən 44 gün” adlı tədbirin ikinci hissəsi qonaqların iştirakı ilə zəfərimizə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi və qonaqların çıxışları ilə davam edəcək.

Nuran Abdullayev onu da əlavə edib ki, bu cür tədbirlərin Almaniyada və eləcə də digər inkişaf etmiş ölkələrdə Azərbaycanın adına layiq, yüksək səviyyədə keçirilməsinin əsəs səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin diaspora işində yürütdüyü güclü siyasətinin və onun uğurla icrasının nəticəsidir ki, burada da Diasporla iş üzrə Dövlət Komitəsinin son illərdəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

İslahat.az