10 Sentyabr 2021
17:13
21203

“Ali məktəblərdəki təhsil haqqı təhsilin keyfiyyətilə düz gəlmir”

"Azərbaycanda ali məktəblərdə təhsil haqqı ildən-ilə artır, amma bu artım təhsilin keyfiyyətində hiss olunmur”.
 
İslahat.az xəbər verir ki, bunu Bizimyol.info saytına Milli Məclisin deputatı, "Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa deyib.

"Təhsil haqqı əsasən müəllimlərin maaşlarına, ali məktəblərin xərcinə nəzərən artır və inflyasiyanın artmasını da nəzərə alsaq, təhsil haqqının artması normaldır. Lakin Azərbaycan təhsilinə məsul olan şəxslər yalnız başlanğıca fikir verirlər, amma yekunu üzərində qiymətləndirmə aparmır. Yaxınlarımız ali məktəbə daxil olanda sevinirik. Lakin onlar məzun olana qədər, həmin ali məktəblərdə mütəxəssis kimi yetişə bilirmi? Onların qazandığı biliklərlə bağlı araşdırma aparsaq, görərik ki, onlar dörd ildən sonra daha da geriləmiş olurlar. Təhsilin keyfiyyətində təhsil haqqının artımı hiss olunmur. Hansı keyfiyyət var ki, təhsil haqqını artırmağa gərək görürük? Bu gün ali məktəblərimizin əksəriyyəti müstəqil şəkildə mütəxəssis hazırlamağa qabil deyil. Məsələn, Tibb Universitetini bitirən şəxs gərək xaricdə təhsil alsın ki, Azərbaycanda yaxşı bir mütəxəssis kimi işləyə bilsin”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, hər il dünyada qabaqcıl universitetlərin siyahıları açıqlanır, Azərbaycan universiterləri isə adətən çox aşağı reytinqlə dəyərləndirilir.
"Ali Neft Məktəbi, UNEC və ADA kimi universitetlər nisbətən Avropa standartlarına yaxınlaşıblar. Amma ümumilikdə ali məktəblərimiz təhsil səviyyəsinə görə çox aşağı reytinqə malikdirlər. Ilk növbədə təhsilin keyfiyyətini artırmağa, tələbələri stimullaşdırmağa çalışmalıdırlar. Həmçinin, insanların sosial vəziyyəti də nəzərə alınmalıdır”, - deyə F.Mustafa əlavə edib.

Deputat əlavə edib ki, özəl ali məktəblərin də sayının azalması da təhsil sahəsində rəqabətin azalmasına gətirib çıxarır: "Ali məktəblər arasında rəqabət olsa, onlar da tələbəyə daha yaxşı təhsil, daha yaxşı şərait və hətta idman zalları, üzgüçülük hovuzları təklif etsələr, bu, təhsilimizin inkişafı üçün, gənclərimizin sağlam yetişməsi üçün stimul olar, rəqabət də hiss olunar”.

Təhsil eksperti Sərdar Yusifoğlu isə hesab edir ki, əslində Azərbaycanda ali məktəblərin təhsil haqqı qonşu ölkələrlə müqayisədə elə də çox deyil.
"Əgər təhsil haqqı ildə 2500 manatdırsa, özəl kurslarda da aylıq ödənişlər çox bahadır. Ortabab bir kursda ingilis dili öyrənmək üçün ayda 150 manat ödəməlisən. Sadəcə olaraq, həm kirayə haqqı, həm dolanışıq xərcləri... Yekunda bir tələbənin bir illik xərci gəlib 5 min manatı keçir. Əksər valideynlərin isə bunu ödəməyə imkanı yoxdur. Yəni, təhsil haqqı müəyyən edilərkən, bu kimi ziddiyyətlər yaranır. Xüsusən də nəzərə alsaq ki, universitetlərin çoxu Bakıdadır, Bakı isə regiondan gələn bir gəncin yaşaması üçün bahalı şəhərdir”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, xaricdə bir çox universitetlər QHT-lər kimi qrant layihələrində iştirak edir və müxtəlif fondlardan aldıqları qrant əsasında müəyyən sayda tələbəyə ya pulsuz təhsil, ya da təqaüd təklif edirlər: "Belə bir ənənə bizdə yoxdur. Bilmirəm, bizim universitetlərin özləri bu cür layihələrlə maraqlanmır, yoxsa qrant ala bilmirlər... Digər tərəfdən, düşünürəm ki, universitetlərimiz tələbələr arasında rəqabət yaratmalıdır. Məsələn, ​ bir sıra xarici universitetlərdə ödənişli təhsil alan tələbələr üçün müəyyən bir proqram elan olunur, o proqram əsasında da yaxşı oxuyan tələbələr ya təhsildən azad olunur, ya da müəyyən təqaüd alır”.

Ekspert müəllimlərin maaşında da ciddi bir artım olmadığını əlavə edib: "Mənim ali məktəbdə dərs deyən tanışlarımın çoxu dolanmaq üçün əlavə iş görməyə məcburdurlar. Kimi repetitorluq edir, kimi də tərcümələrlə məşğuldur. Hətta məcburiyyətdən taksi sürən universitet müəllimlərinə də rast gəlmək olar”.

Rüfət Əhmədzadə, Bizimyol.info

İslahat.az