Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı
ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində
keçirilib.
İslahat.az xəbər verir ki, respublika üzrə 24 ali təhsil müəssisəsindən 69
komanda Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda
fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir,
Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də, Azərbaycan
Texnologiya Universitetinin tələbələri bu il Olimpiadada fəallığı ilə seçilib.
Artıq 13 ildir keçirilən olimpiada beynəlxalq "Ali
məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq
olimpiada ("ACM/ICPC”) qaydaları”na uyğun olaraq təşkil edilir. Qaydalara
əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir
komanda final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4
komanda isə qalib elan edilir.
Bu il üzrə qaliblər (I-IV yerlər) "Azercell Telecom”
və "BestComp Group” MMC-nin təqdim etdiyi qiymətli hədiyyələr, habelə
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və
diplomlarla mükafatlandırılacaq.
Məlumat üçün bildirək ki, 17 May - Dünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın
məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki
biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən
tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.
Olimpiadanın final mərhələsi mayın 4-ü İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.