17 İyul 2019
17:34
434

Ağdaşda limonad sexində iyrənc mənzərə - FOTOLAR

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, sözügedən sex Ağdaş rayonu, Xosrov kənd sakini Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsidir.

Əraziyə baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Alkoqolsuz içkilər istehsalı müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
 
İslahat.az