03 Noyabr 2021
11:52
20319

ABŞ OPEC-i təhdid etdi – Neft yenidən ucuzlaşacaq?

ABŞ neftin qiymətinin davamlı yüksəlməsindən narahatdır. Rəsmi Vaşinqton qiymət səviyyəsinin aşağı salınması üçün OPEC-ə təzyiqlərini gücləndirib.

İslahat.az "Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan ile Qlazqoda keçirdiyi görüşdə neft hasilatının artırılması çağırışını edib.

ABŞ-ın tənzimlənən enerji bazarının olmasından narahatçılıq keçirdiyini ifadə edən Blinken, COVID-19 pandemiyasından sonra enerji bazarı və iqtisadi şərtlər normallaşana qədər neft istehsalını daha çox artırmağı təklif edib.

Amma OPEC hasilatı daha çox artırmaqda maraqlı deyil. "Bloomberg”in keçirdiyi bir sorğuya görə OPEC oktyabrda hasilatı gündəlik cəmi 140 min barel artırıb.

ABŞ prezidenti Co Bayden isə bildirib ki, yanacağın bahalaşmasına Rusiya və OPEC-in neft hasilatını artırmaq istəməməsi səbəb olub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının sammitində çıxış edən Co Bayden vurğulayıb ki, neftin bahalaşması Rusiya və ya OPEC ölkələrinin daha çox neft hasil etməkdən imtina etməsinin nəticəsidir.

"Bloomberg”in məlumatına görə, ABŞ və digər əsas neft istehlakçıları, o cümlədən Çin, Yaponiya və Hindistan artıq bir neçə həftədir ki, "OPEC plyus”a təzyiq göstərmək və iştirakçı ölkələri hasilatı daha da artırmağa məcbur etmək üçün bağlı qapılar arxasında diplomatik kampaniya aparır. Prezident deyib ki, nefti idxal edən ölkələr hasilatın daha çox artırılmasını istəyir.

OPEC+ noyabrın 4-də növbəti iclasını keçirəcək. "Bloomberg”in məlumatına görə bu toplantıda hasilat daha çox artırılmasa, ABŞ cavab paketini həyata keçirəcək.

Qeyd edək ki, cavab paketi ABŞ-da hasilatın artırılması və idxalın azaldılması şəklində ola bilər. Əvvəlki təcrübə göstərir ki, bu cür tədbirlər neftin ucuzlaşmasına səbəb olur. Əgər ABŞ oxşar variantlardan yenidən istifadə edərsə, böyük ehtimalla neft qiymətləri 60-70 dollar səviyyəsinə düşəcək.

İslahat.az