25 Noyabr 2021
11:40
21058

32 fərqli mutasiyanı özündə ehtiva edən yeni ştamm AŞKARLANDI - Elm adamları SOS siqnalı verdi

COVID-19-un daha bir ştammı aşkar edilib.

İslahat.az xəbər verir ki, elm adamları yeni varianta Afrikada rast gəlindiyini açıqlayıblar. Botsvanada müəyyən edilən ştamma B.1.1.529 kodu ilə tanınan "Nu” adı verilib. Mütəxəssislər sözügedən variantın tərkibində 32 fərqli mutasiyanın olduğunu bildiriblər. Yeni ştammın koronavirus əleyhinə olan peyvəndlərə qarşı daha müqavimətli ola biləcəyi qeyd edilib.

"Bu indiyə kimi qarşılaşdığımız ən təhlükəli variant ola bilər”, - deyən elm adamları, həmçinin virusa yoluxan 10 nəfərin artıq aşkar olunduğunu bildiriblər. London Kollec Universitetinin əməkdaşı, professor François Ballouks yeni növə üç fərqli ölkədə rast gəlindiyini deyib.

Elm adamı Tom Pikok isə "Daily Mail” qəzetinə açıqlamasında yeni ştammdakı mutasiyalar kombinasiyasının qorxulu olduğunu bildirib. "Bu variant "Delta” ştammı da daxil olmaqla, qarşılaşdığımız ən pis şey ola bilər”, - deyə mütəxəssis əlavə edib.

"Nu” variantında, "Beta”dakı K417N və E484A, "Delta”dakı N440K, "Nyu-York” variantındakı S477N mutasiyalarının təsbit edildiyi qeyd edilib. Bu mutasiyaların isə antikorlardan qaçmağa kömək etdiyi vurğulanıb. Digər tərəfdən, mütəxəssislər P681H və N679K mutasiyalarının da müəyyən edildiyini və bunların normalda birlikdə nadir hallarda göründüyünü deyib. Qeyd edilənlərdən başqa, "Nu” variantında G446S, T478K, Q493K, G496S, Q498R və Y505H mutasiyaları da müəyyən olunub.

İslahat.az