08 İyul 2022
12:14
19008

Dövlət Komitəsinin sədri könüllülərlə görüşüb - FOTOLAR

7 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüşüb.

İslahat.az xəbər verir ki, Komitə sədri Bahar Muradova, gəncləri salamlayaraq, könüllülük proqramını uğurla bitirdikləri üçün təbrik edib. O, gəncliyin imkanlarından vaxtında və bacarıqla istifadə etməyin üstünlük qazandırdığını, həyatın hər mərhələsində əldə edilən təcrübələrin sürətli dəyişikliklərə uyğunlaşmaq baxımından mühüm rol oynadığını, insanı irəliyə aparan əsas lokomotiv olduğunu vurğulayıb.

Komitə sədri əlavə edib ki, Ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi, eləcə də cənab Prezident İlham Əliyevin bugün yürütdüyü siyasətin nəticəsi olaraq gəncliyimiz müstəqil və sərbəstdir, özünə və ölkəsinə inam hiss edir: "Prezidentin 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı ilə gənclər konüllülük işinə cəlb olunaraq, dövlət qurumlarında, müxtəlif orqanlarda təcrübə keçmək imkanı əldə etdilər. Son zamanlar gənclərin bu işə belə maraq göstərməsi, mövcud təcrübəni öyrənmək istəyi onların vətəninə, ölkəsinə bağlılığını nümayiş etdirir”.

B.Muradova özünü insan kapitalının inkişafına həsr etməyin şərəfli bir seçim olduğunu bildirərək, Komitənin könüllülük proqramında iştirak edən gəncləri sosial iş kimi məsuliyyətli və çətin sahəni seçdikləri üçün alqışlayıb. O qeyd edib ki, Komitənin reallaşdırdığı 3 aylıq təcrübə proqramı ilə iştirakçılara gələcək fəaliyyətlərində təcrübə qazandırması sevindirici haldır. Çıxışının sonunda sədr gənclərə məsləhət və tövsiyələrini verib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gənclərlə görüşün öz fəaliyyətimizi və gördüyümüz işi dəyərləndirmək baxımından önəmli olduğunu qeyd edib. Sədr müavini, həvəslə bu tip proqramlara qoşulan, enerjili, işıqlı gənclərin onların təşəbbüskarlığının göstəricisi olduğunu vurğulayıb. İnsanlara xidmət etmək kimi şərəfli sahəni seçdikləri üçün könüllüləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğur arzulayıb.

Tədbir zamanı müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan tələbələr çıxış edərək, fikirlərini bölüşüblər. İştirakçılar Günel Hüseynova, Murad Hüseynli, Aysun Kərimova, Aytac İbrahimova, Günel Hacıyeva, Şəbnəm Əsgərova və Nərmin Qarayeva ali təhsil zamanı qazanılan ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini çatdırıblar. Çıxışlar zamanı xarici təcrübənin öyrənilərək ölkəmizdə sosial işin inkişafı istiqamətində tətbiq olunması, bu sahədə fəaliyyət göstərmək arzusu ifadə olunub.

Tədbir müzakirələrlə davam edib və sonda könüllülərə sertifikatlar təqdim edilib.

Məlumat üçün qeyd edək ki, cari ilin fevral ayında Dövlət Komitəsinin növbəti könüllülük proqramına start verilib, müraciət edənlərdən 30 nəfər gənc müsahibə ilə seçilərək könüllü fəaliyyətə cəlb edilib. 1 aprel – 1 iyul 2022-ci il tarixlərini əhatə edən proqram çərçivəsində könüllülərə Komitənin fəaliyyət istiqamətlərinə uyğun mövzularda təlimlər keçirilib, Komitənin Şüvəlan və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə, "Uşaq Qaynar Xətt” xidmətinə səfərlər təşkil olunub.

Könüllülük proqramının təşkil olunmasında məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir.

İslahat.az