18 Dekabr 2018
15:44
3232

“2019 ixraca dəstək” layihəsi - Yerli istehsalçı sahibkarların nəzərinə!

İslahat.az xəbər verir ki, 25.12.2018-ci il tarixində "2019 İXRACA DƏSTƏK” layihəsi üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində tədbir təşkil olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət” mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi və "My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və "2019 ixraca dəstək” layihəsi üzrə maarifləndirici tədbir və 2019-cu ilin yanvar ayı üçün təlim təşkil olunacaqdır.

Tədbirdə əsas məqsəd yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirmək, görüşdə ilkin olaraq gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində "2019 ixraca dəstək” layihəsinin ixracatçıların diqqətinə çatdırmaqdır.

Tədbir, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, dekabr ayının 25-də saat 10:00 da baş tutacaqdır.

Azərbaycan Respublikasının  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  dəstəyi ilə "My Broker” gömrük təmsilçiliyi tərəfindən ixrac zamanı tələb olunan zəruri sənədlərin hazırlanması, beynəlxalq daşınmada işlərin hansı addımlarla həyata keçirilməsi və digər ixrac prosedurları üzrə təlim keçiriləcəkdir.

Təlim, 2019-cu ilin yanvar ayı üçün nəzərdə tutulmuşdur, təşkil olunacaq təlim "ASAN” Təlim-Tədris mərkəzində baş tutacaqdır. İştirak etmək istəyən ixracatçılar tədbirin sonunda qeydiyyatdan keçə bilərlər.

Tədbirdə və təşkil olunacaq təlimdə iştirak etmək ödənişsizdir.


İslahat.az