26 Avqust 2021
15:17
24840

1,63 milyon doza peyvəndin istifadəsi dayandırıldı – Tərkibində “xarici maddə” aşkarlanıb

Yaponiya Səhiyyə Nazirliyi təxminən 560 min peyvənd flakonunda bir sıra "xarici maddə” dozasının aşkar edildiyini açıqlayıb.
 
İslahat.az xəbər verir ki, bu səbəblə 1,63 milyon doza "Moderna” peyvəndin istifadəsi dayandırılıb.

Yaponiyada "Moderna” peyvəndini satan və paylanmasını həyata keçirən dərman şirkəti "Takeda”dan verilən açıqlamada problemin böyük ehtimalla İspaniyadakı istehsal mərkəzindən qaynaqlandığı qeyd olunub. Ehtiyatlı davranılaraq həmin sayda olan 2 partiya peyvənd dozalarının istifadəsinə icazə verilmədiyi vurğulanıb.

Peyvənddə aşkarlanan "xarici maddə”nin nə olması ilə bağlı isə ətraflı məlumat verilməyib. "Takeda”nın açıqlamasında həll olunmayan, bərk hissəcikli bir xarici maddənin göründüyü diqqətə çatdırılıb. 

"Japan Time” qəzetinin xəbərinə əsasən Yaponiya Səhiyyə Nazirliyi sözügedən peyvəndlərin seriya nömrələrini paylaşaraq bu dozaları alan insanları məlumatlandırıb.

Tokio Olimpiya Oyunlarından sonra koronavirusa yoluxma hallarının artması ilə mübarizə aparan Yaponiyanın bir çox bölgəsində fövqəladə vəziyyət elan edilib. Ölkədə virus əleyhinə "Pfizer”, "AstraZeneca” və "Moderna” peyvəndləri istifadə olunur. İndiyədək əhalinin təkcə 50 faizi birinci, 40 faizi isə iki doza peyvəndi qəbul edib.
İslahat.az