1 dekabr Laçın rayonunun erməni işğalından azad olunduğu gündür.
30 ilə yaxın erməni faşist işğalçıların tapdağı
altında qalan Laçın rayonunun Azərbaycan üçün necə dəyərli olmasını ölkəmizin o
füsunkar guşəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 72 min hektar yaylaq və 34 min
hektar zəngin meşə sahəsi olması, Laçının dəniz səviyyəsindən 700-3600 metr
yüksəklikdə yerləşməsi faktı çox aydın göstərir.
3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqlarına, civə, vermikulit,
əlvan və üzlük daşları, sement və tikinti daşı yataqları ilə zəngin olan bu
rayonun 18 may 1992-ci ildə işğal olunması ilə faktiki olaraq Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı, 79.1 min nəfər əhali etnik
təmizləməyə məruz qaldı, doğma torpağından qovuldu, 300-dən çox insan həlak
oldu və itkin düşdü, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə
vandalizmə məruz qaldı, Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən
ibarət qədim kolleksiyası talan edildi.
Erməni faşistləri Laçındakı coğrafi adları dəyişdirdilər, təbii resursları
talan etdilər, əsasən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü
şəkildə burada məskunlaşdırmaqla demoqrafik tərkibi dəyişdirməyə çalışdılar.
Nəhayət, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində imzalanmış
üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil
verildi. Buna qədər isə rəşadətli Ordumuz: noyabrın 9-u Laçının Güləbird,
Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il
noyabrın 26-da "Laçının azad olunmasına görə” medalı təsis edildi və Laçın
uğrunda döyüşlərdə igidlik və şücaət göstərən Azərbaycan Respublikasının 8395
hərbi qulluqçusu bu medalla təltif olundu.
Qürurverici haldır ki, bu il fevralın 14-də və avqustun 16-da Prezident İlham
Əliyev Laçına səfər etdi, Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Hazırda Laçın istiqamətində sərhədlər möhkəmləndirilir, infrastruktur
layihələri reallaşdırılır.
Prezident İlham Əliyev deyib: "Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və
Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş,
dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik”.
Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil
yolunun isə uzunluğu 72,8 kilometrdir. Yol üzərində tikiləcək 3 tunelin ümumi
uzunluğu 9450 metr olacaq.
Laçının Qorçu kəndi ərazisində beynəlxalq hava limanı da tikilməkdədir. Bu
aeroport bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialını
artıracaq. Olduqca mühüm strateji əhəmiyyəti olan Laçın aeroportu logistik
mərkəzlərin yaradılmasına da töhfə verəcək, Azərbaycanın dəniz səviyyəsindən ən
hündürdə yerləşən aeroportu olacaq, Kəlbəcərə də hava nəqliyyatı ilə
gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyevin dediyi kimi, bu bir
çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki
sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı
olmayıb. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün
deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir,
texniki, maliyyə imkanlarımız və güclü iradəmiz də var”.
İsaməddin Əhmədov-"Əkinçi” qəzetinin redaktoru
Laçının işğaldan azad edilməsi möhtəşəm və parlaq tarixi hadisədir
01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında
olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının
10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl
sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik
erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan
Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid
verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında
möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və
Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni
işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və
tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında
məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki,
daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə
etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən
Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr
siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.
Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız
beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan
iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini
seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi
reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün
döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir
təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir. Ölkə başçısı
nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı dilə gətirdi.
Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar
səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu
fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi
verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın
rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz
məskunlaşmanın həcmi daha böyük idi. ATƏT-in Faktaraşdırıcı Missiyası
tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən
edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
Bütün hallarda Azərbaycanın mövqeyi bir idi: Münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı
vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi
gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi
məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına
gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir
Hər birimiz tam əminik ki, siyasi yolla olmasa da
hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən
tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər
birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə
alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə
Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı
itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə
geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki,
düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin
cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, ərazisi 1800
kvadratkilometrdir. Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi
və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Bu iqtisadi rayon
geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfatının
inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Rayonun ərazisində qızıl,
civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı
ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar,
iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə
bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur.
Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər
rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun
ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır,
kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır.
Laçın ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətləri
Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə
qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində
fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi
olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları
pozurdu. İkinci Qarabağ savaşından öncə – iyul və avqust aylarında da buna
oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri
artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust
ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları
törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi.
Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və
artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının
nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak
oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər,
Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə 20 minə
yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz
yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki,
ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara
heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında
özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər”.
Rəsmi İrəvanın siyasi təxribatları və hərbi cinayətlərini anladan bu sitat
Prezident İlham Əliyevin "CNN Türk” televiziyasına son müsahibəsindəndir.
Əlbəttə ki, bütün bu deyilənlər dünyanın gözü qarşısında baş verən hadisələr
idi. İstər müxtəlif beynəlxalq masalarda Qarabağ probleminin həlli ilə bağlı
müzakirələr aparılan zamanlar olsun, istər II Qarabağ müharibəsinin gedişində
Moskvada başlanmış xarici işlər nazirləri formatında keçən danışıqlarda atəşkəs
haqqında razılaşma əldə olunanda-yəni, bütün bu mərhələlərdə Ermənistan
təcavüzkar siyasətini davam etdirirdi.
Beynəlxalq normalara məhəl qoymadan atəşkəsi uzun illər pozmaqda davam etdi;
danışıqlar prosesinə xələl gətirdi və həmişə də bütün günahları Azərbaycanın
üstünə atmağa çalışdı. Ən sonuncu atəşkəs razılaşmasının da mürəkkəbi qurumamış
Ermənistan həmin sənədin ziddinə getdi, atəşkəsi pozdu. Bununla da bir daha
göründü ki, Azərbaycan faşist xislətli, sivil qayda-qanunlar tanımayan,
təcavüzkar bir düşmənlə mübarizə aparır.
Bu gün üçtərəfli bəyanata uyğun addımların atılması mərhələsidir. Ermənistan
özünü müharibə zamanı necə aparırdısa, çalışır ki, bunu davam etdirsin. Halbuki
üçtərəfli bəyanatın bütün müddəalarına əməl etməyə və razılaşmaya məcburdur.
Çünki Ermənistanın başqa yolu yoxdur…
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Rəsmi İrəvanın hərbi cinayətləri və yürütdüyü siyasət Ermənistan dövlətçiliyinə təhlükə yaradır
Haqq işi uğrunda apardığımız savaşda hər gün, hər saat
uduzan erməni tərəfi heç bir şeyə ümid qalmadıqda insanlığa sığmayan müharibə
cinayətinə əl uzatdı-dinc insanları, mülki əhalini raket və artilleriya atəşinə
tutdu. Beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset bombalar, orta və uzaq
mənzilli raketlər işə düşdü. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə
100-dən çox dinc sakin bu quduz terrorun qurbanı oldu, yaralanların sayı isə
bundan qat-qat çox idi. Möhtərəm Prezident İ.Əliyevin dediyi kimi, o yerlərə
gedənlər bu vəhşi əməllərin nəticələrini görüblər, Füzuli, Cəbrayıl, Zəngilanda
salamat bir tikili qalmamışdır. Hələ bu azmış kimi tarixi abidələrimizi,
milli-mənəvi dəyərlərimiz olan məscidləri və pirləri dağıtmış və yerlə yeksan
etmişlər.67 məsciddən 65-i bu və ya digər dərəcədə dağıntıya məruz qalmış,
salamat qalanlar da donuz saxlanan yerlərə çevrilmişdir.
Cənab Prezident xalqa müraciətində haqlı olaraq belə bir amili vurğulayıb ki,
bu gün erməni cəmiyyətində Azərbaycana qarşı bəslənilən nifrət rəsmi ideologiya
kimi qəbul edilir, xalqlar arasında baş verən konflikt əbədi barışmazlıq
müstəvisinə qaldırılır. Əlbəttə, bu çox təhlükəli addımdır və bunu təkcə biz
demirik. Bütün dünyanın öncül politoloqları, dövlət xadimləri Ermənistan
rəhbərliyinin bu avantürist siyasətini ifşa etməkdədirlər. Hətta rəsmi İrəvanın
özü də bəzən bu yolun səhv olduğunu etiraf etmək məcburiyyətində qalır. Elə bu
günlərdə qonşu ölkənin aparıcı siyasi partiyalarının birinin, respublikaçılar
partiyasının sədr müavini, ölkə parlamentinin xarici əlaqələr üzrə komitəsinin
sabiq sədri A.Aşotyan keçirdiyi mətbuat konfransında N.Paşinyan hökumətinin
bacarıqsızlığını, son bir ildə aparılan danışıqların siyasi proseslərə heç bir
təsir etmədiyini və rəsmi İrəvanın irəli sürdüyü platformanın iflasa uğradığını
söyləmişdi. Onun təbirincə desək, indiki hakimiyyətə” üzərində öz portreti olan
corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.
Peşəkar diplomat və siyasətçi olan cənab İlham Əliyev doğru olaraq qeyd edir
ki, rəsmi İrəvan öz xalqına qarşı da cinayət törədib. Belə ki, əgər o, vaxtında
torpaqlarımızdan çıxıb getsəydi, bir o qədər tələfat verməzdi və belə biabırçı
məğlubiyyətlə üzləşməzdi. Biz ona dəfələrlə təklif etdik, ancaq təəssüf ki, o
bunu yalnız biz Şuşanı və daha 70 yaşayış məntəqəsini alandan sonra etdi.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib
Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı
birləşmələri tərəfindən işğal olunmuşdu. Erməni işğalçıları rayonun yüzlərlə
mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq
talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan
didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin
düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət
idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb. Əhəmiyyətli
geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi
ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi,
Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi
müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Laçın rayonu ərazisində olan civə, əhəng istehsalına yararlı Laçın əhəngdaşı,
istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş
əhəngdaşı, mişar daşı, 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii
sərvətləri erməni işğalçıları tərfindən talan edilib.
28 il ərzində işğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan
Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına
dair BMT-nin qətnamələrinə məhəl qoymayıb. Nəhayət Azərbaycan Ordusu sentyabrın
27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında
qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə
yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.
Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru
Rəsmi İrəvanın cinayətləri
Havadarlarının dəstəyi ilə ermənilər tərəfindən XX
əsrin əvvəllərindən başlayaraq xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi
abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı Vətən müharibəsin
dövründə də bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi,
Laçını da tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. 10
noyabar 2020-ci il bəyəmnaməsinə əsasən Laçını tərk edən erməni əhalisi 1992-ci
ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni
məskunlaşmışdı.
Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri –
Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçını da tərk edəndə təhlükəsiz
şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.
Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun
müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq
edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli
olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub.
Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib.
İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov
götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə
bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət
olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan
arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu
Azərbaycan Respublikasının Prezidenti, Rusiya
Prezidenti və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da
imzaladıqları birgə Bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin
boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də
Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında
yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın
9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini
işğalçılardan təmizlədi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Laçın rayonunun
bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa
şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra
Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya
prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata
əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi
Azərbaycana təhvil verməli oldu. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
Qazanılan Zəfər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə
xalqımızın cənab Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək
vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.
44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız,
o cümlədən Laçın rayonu azad edildi. Bununla da, hazırda respublikamızın 58
rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Regionun strateji əhəmiyyətini artıran hava limanı
44 günlük Vətən müharibəsinin bizə qazandırdığı tarixi zəfərin ardınca Azərbaycan sürətli şəkildə Qarabağın yenidən bərpası prosesinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı 18.06.2021-ci il tarixdə Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı eyni zamanda iqtisadi üstünlüklərə də malik olacaq. Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib.Laçın aeroportunun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq. Şərqi Zəngəzur Qafqazda müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək.
Vəfa Bayramova- Həsən bəy Zərdabi muzeyinin direktoru
Kapitulyasiya aktı
30 il davam edən Ermənistanın Azərbaycana qanunsuz və
əsassız ərazi iddiaları 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərindən
başlayaraq tam miqyaslı müharibəyə səbəb olmuşdur. Nəticədə on minlərlə insan
həyatına son qoyulmuş, şəhərlər, kəndlər dağıdılmış, 700 mindən çox
azərbaycanlı etnik təmizləməyə məruz qalmış, torpaqlarımızın əhəmiyyətli bir
hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur.
Münaqişənin həlli üçün uzun illər hüquqi və siyasi müstəvidə mübarizə
aparılmış, bu istiqamətdə haqlı olduğumuzu isbat edən dövlət suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərdə tutan
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbuluna
nail olunmuşdur.
Lakin, bütün bunlara baxmayaraq Ermənistan tərəfi ona edilən tələblərin heç
birini yerinə yetirməmişdir. Əksinə mütəmadi olaraq təxribatlar törətməklə
qeyri-qanuni əməllərini davam etdirmişlər.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribat əməlləri onun
cəzasız qalmasının nəticəsi idi. Nəticədə dinc sakinlər və hərbiçilər həlak
olmuş, yaralanmışdır.
Azərbaycan öz suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəni dəf etmək
üçün zəruri tədbirlər görmüş, əks əməliyyat həyata keçirərək Füzuli, Qubadlı,
Cəbrayıl, Zəngilan rayonlarını, Şuşa şəhərini, eləcə də 300-dən çox qəsəbə və
kəndi azad edərək düşməni sülhə məcbur etmişdir.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Prezidenti,
Ermənistan baş naziri, Rusiya Federasiyası Prezidentinin birgə bəyanatı
nəticəsində Ermənistan- Azərbaycan arasında olan silahlı münaqişəyə son
qoyulmuşdur. Bütün hərbi əməliyyatlar dayandırılmış və Azərbaycanın Ağdam,
Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan azad edilmişdir.
Bu bəyanat bizim illərlə apardığımız haqq işimizin qələbəsi, ədalətin təntənəsi
oldu.
Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri
Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandan
kimi işğaldan azad olunan rayonlara səfərləri Azərbaycan xalqını qürurlandırır,
onun qalib əhval-ruhiyyəsini daha da yüksəldir və fərəhləndirir. Dövlət
başçısının hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən
dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər
qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə
düşmənlərimizin gözünü çıxarır və onların məğlubiyyət yanğılarını daha da
artırır.
Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva ilə birgə Füzuli, Laçın rayonuna səfəri də bu
nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi.
Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndinə gəldi. Bu gəlişin
səbəbi isə qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışı
idi. Odur ki, dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və
sözügedən su elektrik stansiyasını işə saldı. Bu layihə azad edilmiş
torpaqlarda birinci elektrik stansiyasıdır. Təbii ki, bölgədə digər belə
stansiyalar da tikiləcək. Çünki azad edilmiş bütün torpaqlarda su, Günəş, külək
enerjisindən istifadə üçün geniş imkanlar var.
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və
inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər
tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq
işlərinə başlanılmasını göstərmək olar.
İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması
ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək surətlə davam
etməkdədir.Laçın rayonu strateji bölgə hesab edilir. Prezident İlham Əliyevin
bir güllə atmadan
Laçın rayonunudüşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz,
bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın rayonuna
səfəri tarixi hadisə hesab edilməlidir.
İşğaldan azad olunmuş Laçın rayonu Prezident İlham Əliyevin göstərişi ilə bərpa
olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini
qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin
sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini
nümayiş etdirir.
Laçına təkrar olaraq reallaşdırılmış səfərin önəmi böyükdür. Belə ki, səfər
gedişatında dövlət başçısının verdiyi bəyanatlar, açılışını etdiyi tikinti
layihələri, yeni müəssisələrin bünövrəsinin qoyulması, bir sözlə, səfərin hər
məqamı xüsusi əhəmiyyət daşıyır. Özəlliklə də işğaldan azad edilmiş
ərazilərimizdə, mürəkkəb relyefə malik yerlərdə nəhəng infrastruktur
layihələrinin icra edilməsi çox çətin və mürəkkəb olsa da, bir o qədər də
qürurvericidir.
Qarabağın, bu gözəl yurdun otuz ilə yaxın davam etmiş işğalı zamanı aldığı
yaraları görmək bizi çox ağrıdır. Önəmlidir ki, bu gün müstəqil Azərbaycan
dövləti zaman baxımından olduqca qısa bir müddət ərzində icra miqyası böyük
layihələri həyata keçirmək niyyətindədir. Laçının siması yenilənəcək,
müasirləşəcək və eyni zamanda, öz qədimliyini, tarixiliyini qoruyub saxlayacaq.
Azərbaycanın dövlət başçısının Laçın rayonuna səfəri məhz qalib ordunun
Müzəffər Ali Baş Komandanının bəyanatları olaraq yadda qaldı. Cənab İlham
Əliyev bölgədə hazırda mövcud olan hərbi-siyasi vəziyyəti qiymətləndirdi,
bədnam qonşumuz Ermənistana və onun "göz yaşlarını” silənlərə konkret mesajlar
verdi. Burada dövlətimizin əldə etdiyi nailiyyətlər, malik olduğumuz qüdrət və
gələcəyə hesablanmış fəaliyyət planımız ifadə olundu.
44 günlük Vətən müharibəsində məhz Laçın rayonunun genişmiqyaslı döyüşlər
aparılmadan azad edilməsi xüsusilə qeyd edilməlidir. Azərbaycan Prezidentinin
diplomatik məharəti, şanlı Ordumuzun qüdrəti, 44 gün içində əldə edilmiş Zəfər
və bu zəfərə aparan uğurlu hərbi nəticələr işğalçını anlaşmaya gəlməyə,
üç rayonu tərk etməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Azərbaycanın Silahlı Qüvvələri Kəlbəcər istiqamətində döyüşlərin ilk günlərində
irəliləyişlərə nail olmuşdu. Belə ki, Murovdağ və ətrafındakı strateji
yüksəkliklər azad edilmiş, bununla da düşmənin Basarkeçər-Kəlbəcər yolundan
istifadəsinin qarşısı alınmış, bir sözlə, düşmənin hərəkətləri
məhdudlaşdırılmışdır. Ordumuzun igid əsgərləri nəinki düşmənin, heç kimin
təsəvvür etmədiyi uğurlar və üstünlüklər qazanmışdı. Lakin həmin uğurları
Kəlbəcərin bütün ərazisi boyu davam və inkişaf etdirmək çoxsaylı itkilər
olmadan qeyri-mümkün idi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi uzaqgörənliyi də
məhz bu məqamda özünü büruzə verdi. Rəşadətli Azərbaycan Ordusu müharibə
ilə islah etdi, düşməni danışıqlar masasına oturtdu və öz iradəsini diktə etdi.
Müharibədən əvvəl əldə olunmuş hərtərəfli inkişaf, nəhəng iqtisadi potensiala
əsaslanmaqla dövlətimiz, xalqımız həm qalib gəldi, həm də bu gün nəhəng
tikinti-quruculuq layihələri həyata keçirir. Kəmfürsət erməni xalqı hələ tam
ayılmayıb, qaragüruhçuların bəd niyyətlərinə uyur, öz məkrli planlarında hələ
eşələnir, bir-biri ilə didişir. Azərbaycan isə torpaqların azadlığından
abadlığına doğru hər gün irəliləyir. Ən müasir yollar salınır, körpü və
tunellər inşa edilir, dəmir yolu çəkilir, hava limanı tikilir.
"Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək
qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını
alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq” –
dövlət başçısının bu sözləri qürurvericidir.
Bizə fərəh hissi yaşadan Müzəffər Ali Baş Komandana, qəhrəman Ordumuza
xalqımız çox minnətdardır. Bu sözlərdə qətiyyət, siyasi və hərbi-strateji
müdriklik ifadə olunur. Ermənistanda cücərdilməyə başlanan "revanşizm”
meyillərinə verilən aydın və kəskin cavabdır.
Laçın rayonunun düşməndən azad edilmiş Güləbird kəndində Azərbaycan bayrağını
Müzəffər Ordunun Ali Baş Komandanı kimi qaldırdığını deyən dövlət başçısı bu
bayrağın altından Azərbaycan xalqına doğma Laçın diyarından müraciət etdiyini
qeyd edərək, bildirib ki, bizim Qələbəmiz tarixi Qələbədir: "Biz tarixi ədaləti
bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq,
biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və
gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq
bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz
bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu
torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr
etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş
ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində
işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması
üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə işğaldan azad olunan
ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi,
enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına
qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil
edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası 2,2 milyard manat
nəzərdə tutulub.
Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə
deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat
qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun
ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Beləliklə, dövlət başçısının "Qarabbağı cənnətə çevirəcəyik” ifadəsi artıq real
icra prosesindədir. Şübhə yoxdur ki, olduqca sürətlə aparılan və qısa müddətdə
– 44 günə düşmənin diz çökməsi ilə nəticələnən Vətən müharibəsi kimi, Qarabağın
bərpası da eyni sürətlə aparılacaq və ən qısa zamanda illərdir gözlədiyimiz
"Böyük Qayıdış” baş tutacaq.
Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
RAYONUN İŞĞALI
Laçın rayonu 1992-ci ildə Şuşa şəhərinin işğal
edilməsindən 10 gün sonra işğala məruz qaldı. Laçının işğal edilməsi ilə
ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın
rayonunun coğrafi mövqeyi böyük strateji əhəmiyyət kəsb edir. Belə ki,
Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Laçının
işğalından sonra Ermənistan üçün bu yol açıldı. Şuşa işğaldan azad edildikdən
qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın
58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son
qoyuldu.
Fevralın 14-də Laçının işğaldan azad olunmasından iki ay yarım keçməmiş artıq
rayonun Güləbird kəndi ərazisində Azərbaycan Respublikasının möhtərəm
Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının iştirakı ilə Su
Elektrik Stansiyasının açılışı həyata keçirildi. Möhtərəm Prezident Güləbird
kəndində çıxışı zamanı bildirdi ki, " Biz bu torpaqları vuruşaraq işğalçılardan
azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da
kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur
olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər
rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas
səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici
havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın,
Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik
verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında
qalsın.” Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan ordusunun şanlı
qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq
işlərinə start verilmişdir. Yol, işıq mədəniyyətdir. Cənab Prezidentin
Sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar
çəkilməyə başladı. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla həm dünya
dövlətlərinə, həm də ölkə daxili opanentlərə mesaj verildi ki, biz tutduğumuz
yola sadiqik. Tarixi ədalət bərpa olunub. İndi isə bərpa işləri gedir. Bu Su
Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən
digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində, yaxın dövrlər
üçün böyük əhəmiyyətə malikdir. Bu isə onu göstərir ki, bölgədə infrastrukturun
inkişafı əsas prioritetdir və müzəffər Ali Baş Komandanının rəhbərliyi altında
buna nail olacağıq.
Bu gün hər bir Laçınlı əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
rəhbərliyi altında Qarabağ cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl
məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük
quruculuq işləri həyata keçiriləcəkdir. Bundan sonra biz bu torpaqlarda əbədi
yaşayacağıq.
Xanım İmanova- Heydər Əliyev Mərkəzinin əməkdaşı
İslahat.az